ABŞ jurnalist Camal Kaşıqçının qətlinə görə, məsuliyyət daşısa belə, Səudiyyə Ərəbistanına arxa çevirmək niyyətində deyil. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
ABŞ prezidenti bildirib ki, Səudiyyəyə arxa çevirmək böyük bir yanlışlıq olar. Tramp deyib ki, heç bir insan hüquqları narahatlığı milli təhlükəsizlik və iqtisadi maraqlara üstün gələ bilməz: “Biz Səudiyyə Ərəbistanı ilə birgə dayanırıq. Krallığın İran və Rusiyaya qarşı müxalifliyi və Ər-Riyadın Amerikadan hərbi avadanlıq alması yüz minlərlə iş və milyardlarla dollar investisiya deməkdir”.
Tramp deyib ki, Rusiya və Çin bu hədiyyəni ala bilməyəcəklər.
ABŞ prezidenti Səudiyyə Ərəbistanına dünya neft qiymətlərini aşağı saxladığına görə təşəkkür də edib. ABŞ lideri dünyada Amerikadan sonra ikinci ən iri neft hasilatçısı və ən iri neft ixracatçısı olan səudiyyəliləri neft qiymətlərini sabit saxlamaq üçün bazarı kifayət qədər xam neftlə təchiz etidklərinə görə alqışlayıb.
“Biz neft qiymətlərini aşağı saxlayırıq" deyən prezident əlavə edib ki, əks təqdirdə, yəni münasibətlərin kəsildiyi təqdirdə qiymətlər qalxa bilərdi.
Prezident dünya iqtisadiyyatını dağıtmaq istəmədiyini bildirib. O bunun ağılsızlıq ola biləcəyini də əlavə edib.
Şahzadənin qətldə əli olmasının mümkünlüyünə gəlincə, Tramp “ola da bilər, olmaya da” deyib. Bu sözlər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gəldiyi qənaətə ziddir. Çünki MKİ jurnalistin ölümünü birbaşa vəliəhd şahzadənin sifariş etdiyinə inanır.
Bundan əvvəl Ağ Evin bəyanatında deyilirdi ki, Tramp qanunvericilər siyasi və digər səbəblərdən Ər-Riyada sanksiyalar tətbiq etmək niyyətindədirsə, bunu edə bilərlər.
Senatın Xarici Əlaqələr Komitəsinin liderləri - Respublikaçı Bob Korker və Demokrat Bob Menendez Trampa məktub ünvanlayaraq, ABŞ qanunlarının Səudiyyə şahzadəsinin Kaşıqçının qətlinə əmr verdiyinə dair araşdırma aparılmasını tələb etdiyini xatırladıb.
Kaşıqçı İstanbuldakı konsulluqda oktyabrın 2-də qətlə yetirilib. Türkiyə dəfələrlə deyib ki, sifariş Səudiyyə hökumətinin “ən yüksək səviyyəsi”ndən gəlib, amma birbaşa şahzadə Məhəmməd ittiham olunmayıb.