Türkiyə Birləşmiş Ştatları səudiyyəli jurnalist Camal Kaşıqçının İstanbuldakı konsulluqda qətlə yetirilməsinə göz yummaqda günahlandırıb, prezident Donald Trampın dediklərini “gülünc” adlandırıb.
Bundan əvvəl Tramp deyib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın “davamlı tərəfdaşı” olaraq qalır. Prezident əlavə edib ki, vəliəhd şahzadə Məhəmməd Bin Salmanın qətl planından xəbəri ola bilərdi.
Şahzadənin qətldə əli olmasının mümkünlüyünə gəlincə, Tramp “ola da bilər, olmaya da” deyib. Bu sözlər Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gəldiyi qənaətə ziddir. CIA jurnalistin ölümünü birbaşa vəliəhd şahzadənin sifariş etdiyinə inanır.
Prezident Rəcəb Tayyip Ərdoğanın AK Partiyasının sədr müavini Numan Kurtulmus Trampın dediklərini rədd edib: “Dünənki bəyanat gülməlidir”.
“Səudiyyə konsulluğunun ətrafındakı bağda gəzişən pişiyin dərisinin rəngini də bilən CIA kimi kəşfiyyat agentliyinin... bu sifarişi kimin verdiyini bilməməsi mümkün deyil. Bu, nə ABŞ-da, nə də dünyada ictimai rəy üçün etibarlı mövqe deyil” o söyləyib.
Jurnalist İstanbuldakı konsulluqda oktyabrın 2-də qətlə yetirilib. Türkiyə dəfələrlə deyib ki, sifariş Səudiyyə hökumətinin “ən yüksək səviyyəsi”ndən gəlib, amma birbaşa şahzadə Məhəmməd ittiham olunmayıb.
Səudiyyə Ərəbistanı qətli vəliəhd şahzadənin sifariş etməsini təkzib edib. Saysız ziddiyyətli bəyanatlardan sonra Ər-Riyad ötən həftə bəyan etdi ki, Kaşıqçını Səudiyyəyə qayıtmaq üçün dilə tutan “danışıqlar” alınmayınca, o öldürülüb, bədəni hissələrə bölünüb.
Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoglu deyib ki, Ankara bu işlə bağlı Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın səviyyəsindən razı deyil. Cavuşoglu qeyd edib ki, Ankara Ər-Riyadla əlaqələr nəticəsiz qalsa, BMT-dən rəsmi təhqiqat aparmağı istəyəcək.