Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qara dənizin dibi ilə çəkilən “Türk Axını” qaz kəmərinin dəniz fazasının tamamlanmasını xüsusi mərasimlə qeyd ediblər.
Noyabrın 19-da İstanbulda keçirilən mərasimdə çıxış edən Ərdoğan deyib ki, “Türk Axını” qaz kəməri hər il Rusiyadan Türkiyəyə 31.5 milyard kubmetr təbii qaz nəql edəcək və bunun təxminən yarısı Avropa bazarlarına çıxacaq.
İndi qurudakı işlərin görülməsi prosesinə başlanıb və kəmərin tikinitsi 2019-cu ildə başa çatmalıdır.
Putin deyib ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini təmin edəcək. O israr edib ki, layihə “heç kimin maraqlarına qarşı yönəlməyib”. Rusiya prezidenti onu da bəyan edib ki, Türkiyə Avropanın əsas enerji qovşağına çevriləcək.
Bu yeni layihə Moskvanın Ukraynadan yan keçən kəmərlərin çəkilməsi planlarının bir hissəsidir. Avropa hazırda istehlak etdiyi qazın üçdə birini Rusiyanın “Qazprom” şirkətindən alır.
İstanbulda keçirilən mərasim dənizin dibi ilə 930 kilometrlik iki boru xəttinin çəkilişinin başa çatmasına həsr edilib.
Rusiyanın dövlət şirkəti “Qazprom” bildirib ki, “Türk Axını” kəməri potensial olaraq Serbiya, habelə Avropa İttifaqının üzvləri olan Bolqarıstan, Yunanıstan, İtaliya və Macarıstanı qazla təchiz edə bilər.