Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın finlandiyalıların torpaqlarının böyük hissəsini örtən meşələrini dırmıqla təmizlədiklərini söyləməsi Şimali Avropa ölkəsində təəccüblə qarşılanıb.
BBC-nin xəbərinə görə, ötən həftə sonu 76 nəfərin yanğından həyatını itirdiyi Kaliforniyaya gedən Tramp burada çıxışı zamanı ölkə tarixinin ən dağıdıcı meşə yanğınlarının kənd təsərrüfatı avadanlıqlarının çatışmazlığı ilə izah edərək deyib:
“Başqa ölkələrə baxın. Bu işi müxtəlif şəkillərdə görürlər. Finlandiya prezidenti görüş zamanı mənə meşə ölkəsi olduqlarından bu işi çox fərqli həyata keçirdiklərini dedi. Dırmıqla təmizləməyə çox vaxt sərf etdikləri üçün hər hansı problem yaşamırlar".
Finlandiya prezidenti Sauli Niinisto isə “İlta-Sanomat” qəzetinə verdiyi müsahibədə Trampla görüşü zamanı belə bir söz dediyini xatırlamadığını ifadə edib: “ABŞ prezidentilə söhbətdə Finlandiya meşələrinin yaxşı bir monitorinq sistemi ilə qoruduğumuzu dedim”.
Trampın Finlandiya barədə sözləri xalq tərəfindən də təəccüblə qarşılanıb.
Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatının şimalında davam edən yanğında 76 nəfər həyatını itirib, 11 mindən çox ev yararsız hala düşüb, 1300 nəfərdən isə hələ xəbər yoxdur.