Ağ Evdə səudiyyəli jurnalist Cəmal Kaşıkçının bu ölkənin İstanbul səfirliyində qətlə yetirilməsilə bağlı ilk istefa hadisəsi barədə xəbər yayılıb.
Baki-xeber.com-un CNN-Türk-ə istinadən xəbərinə görə, istefa verən şəxs ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanı ilə münasibətlərini tənzimləyən siyasətdən məsul Kristian Fontenrosdur. “New York Times” qəzeti Fontenrosun cümə günü istefa verdiyini yazır. Nəşrin xəbərində bildirilir ki, Fontenros Kaşıkçı olayından dolayı Səudiyyə Ərəbistanına tətbiq olunacaq sanksiyaların təyin edilməsində ən önəmli isimlərdən biri idi və onun yaxın zamanlarda Ər-Riyadla sıx əlaqələr saxladığı deyilir.
Xəbərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında İran – Körfəz ölkələri regionu direktorluğunu icra edən Fontenrosun səudiyyəlilərə sərt sanksiyalar tətbiq edilməsini müdafiə etdiyi, özəlliklə vəliəhd şahzadə Məhəmməd bin-Salmanın baş müşaviri əl-Kahtaninin sanksiyalar siyahısına salınmasında rolu olduğu vurğulanır.
İstefa qərarının hələlik qəti olmadığı deyilən xəbərdə Fontenrosun Səudiyyəyə qarşı “sərt” davranışının Ağ Evdə qarşıdurmalara səbəb olduğu bildirilir və istefanın məhz bu qarşıdurmaların nəticəsi olduğu ehtimal edilir.
Hələlik nə Ağ Ev, nə də Fontenros yayılan istefa xəbərlərilə bağlı hər hansı açıqlama verməyib.