Belçika müxalifəti paytaxt Brüssel banklarında bloklanan Liviyanın keçmiş lideri Müəmmar Qəddafiyə aid hesablardan milyonlarla avronun bəzi gizli hesablara köçürüldüyünə dair iddialarla bağlı araşdırmalara başlayıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Belçika dövlət televiziyasının sözügedən hesabları bəzi silah sövdələşməsi əməliyyatları ilə əlaqələndirməsinin ardından, müxalifət millət vəkilləri baş nazirə müraciət edərək ondan məsələyə aydınlıq gətirməsini tələb edib.
Millət vəkilləri sözügedən pulun Afrika ölkələrindəki bəzi silahlı qrupların əlinə keçib-keçmədiyinə dair hökumətdən izahat istəyir.
Onlar həmçinin parlamentdə dəstək toplaya bilsələr, Birləşmiş Millətlər Təşkilatı (BMT) ekspertlərinin də dəstəyilə hökumətə qarşı iş açılmasını hədəfləyirlər.
Xarici işlər naziri Didier Reynders müxalifətin Brüsselin BMT sanksiyalarını icra edə bilməməsinə dair iddialarını rədd edib. Ancaq xarici işlər və maliyyə nazirlərindən Belçika hökumətinin nəzarəsiz qoyduğu hesablardan Liviyadakı silahlı qrupların maliyyələşdirilməsində istifadə edilib-edilməməsinə aydınlıq gətirilməsini istəyən müxalifət onlardan yetərli cavab almadıqlarını deyirlər.
Qeyd edək ki, Qəddafiyə aid hesablardakı şübhəli əməliyyatlarla bağlı məsələni ilk dəfə bu ilin fevralında “Politico” portalı gündəmə gətirib. Məlumata görə, 2011-ci ildə Liviyaya tətbiq olunan BMT sanksiyalarından sonra, Qəddafinin bu ölkədəki 16 milyard avroluq depozitlərindən Lüksemburq və Bəhreyndəki banklar vasitəsilə gizli ödəmələr aparılıb.