Ağ Ev Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasının yollarını öyrənir. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Amerikanın "NBC" telekanalına hökumətdəki mənbələr bildirib.
Məlumata əsasən, prezident Donald Trampın administrasiyası Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün yollar axtarır. Xüsusilə İstanbulda səudiyyəli jurnalist Camal cinayətindən sonra Səudiyyə Ərəbistanı ilə diplomatik qarşıdurma vəziyyətində olan Türkiyəni sakitləşdirmək üçün atıla biləcək addımları nəzərdən keçirən Ağ Ev rəhbərliyi Ədliyyə Nazirliyi, Federal Təhqiqat Bürosuna (FBI) və Daxili Təhlükəsizlik Nazirliyinə "Fəthullah Gülənin qanuni ekstradisiyası" məsələsini araşdırmağı tapşırıb.
Iki mənbəyə istinadən iddia edilir ki, Trampın Ədliyyə Nazirliyi və FBI-yə Türkiyənin ekstradisiya dosyasının yenidən açmasını tapşırıb, Daxili Təhlükəsizlik Nazirliyindən isə "Gülənin qanuni statusu" ilə bağlı məlumat istəyib.
İddialara görə, Ağ Ev, xüsusilə Gülənin ABŞ-dakı hüquqi statusunu öyrənmək istəyir. Məlumata görə, Fəthullah Gülən ABŞ-a daimi yaşamaq üçün “Yaşıl Kart”a (Green Card) sahibdir.
"NBC"nin yaydığı məlumatla əlaqədar hələlik heç bir rəsmi açılama verilməyib.