Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emanuel Makron arasında mübahisəyə səbəb olmuş “Avropa ordusu” məsələsində Makronu dəstəkləyib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Merkel deyib ki, ölkələrimiz arasında əməkdaşlıq etmək Avropa İttifaqının (Aİ) uğurlu olması üçün vacibdir. Aİ-də hərbi sahədə önəmli addımlar atıldığını vurğulayan Merkel deyib ki, “bir gün həqiqi bir Avropa ordusu yaratmaq üzərində iş aparmalıyıq”.
Merkel bu ordunun NATO-nun əleyhinə olmayacağını vurğulayaraq, NATO daxilində ortaq bir Avropa ordusu ilə iştirak edilə biləcəyini bildirib.
Avropanın qlobal səhnədə birgə addım atdığında güclü ola biləcəyini, qeyd-şərtsiz başqalarına güvənə biləcəkləri zamanların geridə qaldığını dilə gətirən Merkel bunun avropalıların öz taleyini özlərinin əlində olması mənası daşıdığını deyib.
Avopada 2015-ci ildə təsirli olan qaçqın böhranını xatırladan Merkel bildirib ki, 2015-ci ildən əvvəl qaçqın məsələsinin Aİ-nin ortaq məsələsi olduğunu qəbul etmək uzun çəkdi. Aİ-nin xarici sərhədlərini qoruması vacibdir. Bunun üçün Xarici Sərhədlərə Nəzarət üzrə Avropa Agentliyi (Frontex) gücləndirilməlidir.