İran Milli Bankının dünya bankları arasında elektron pul transferi edən “SWIFTE”lə (Society for Worldwide Interbank Financial Telecommunication) əlaqəsi kəsilir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bank açıqlama yayıb.
İran Milli Bankının yazılı açıqlamasında bildirilir ki, “SWIFT” Amerika Birləşmiş Ştatlarının sanksiyalarına riayət etdiyi və bəzi İran banklarının sistemə daxilolmasını təxirə saldığı üçün bu yöndən artıq müştərilərə xidmət verə bilməyəcəyik.
Qeyd edək ki, SWIFT noyabrın 5-də verdiyi bəyanatda ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxilolmasını təxirə salacağını, bunu qlobal maliyyə sisteminin sabitliyi və bütövlüyü üçün etdiyini bildirmişdi.
Məsələyə münasibət bildirən Avropa İttifaqı (Aİ) komissiyasının sözçüsü Maya Kociyansis bundan təəssüfləndiklərini deyib: “İran banklarının beynəlxalq pul transferi sistemindən çıxarılması qərarına təəssüflənirik”.
ABŞ nüvə müqaviləsindən birtərəfli olaraq geri çəkildikdən sonra İran hakimiyyətinə qarşı dövrəyə saldığı sanksiyaların ikinci mərhələsinə qarşı Aİ-dən hələ konkret bir addım gəlməyib.
Xaıtrladaq ki, ABŞ prezidenti Donald Tramp 8 mayda nüvə müqaviləsindən çəkildiyini bildirib. Bunun ardınca İrana qarşı ilk sanksiya paketinin 7 avqust, ikincisi isə 180 günlük müddətin bitməsindən sonra 5 noyabrdan tətbiqinə başlanıb.