Türkiyə səudiyyəli jurnalist Camal Kaşıqçının ölüm anını qeydə alan lent yazılarını Britaniya, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlarla paylaşıb. Baki-xeber.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Camal Kaşıqçı ilə bağlı əlimizdə məlumat var, gələn 15 nəfər cinayətkarı və cəsədin yerini bilir. Kaşıqçı ilə bağlı Ərəbistan, Amerika Birləşmiş Ştatları və Avropaya tələbləri çatdırdıq. Kaşıqçının qatilləri gələn 15, və ya 18 nəfərin içindədir. Başqa yerdə axtarmağa ehtiyac yoxdur” - Türkiyə prezidenti deyib.
Ərdoğan Türkiyənin xoş niyyətinə qarşı Səudiyyə Ərəbistanın da ədalətli davranaraq, 18 nəfərin ifadələrini alaraq hadisəyə aydınlıq gətirməsinin və bu şübhədən xilas olmasının vacibliyini vurğulayıb.
Prezident türkiyəli prokurorun Səudiyyə Ərəbistanına çağırılması ilə bağlı isə deyib: "Bizim baş prokurorumuzu oraya çağırıb nə edəcəksən? Hadisə burada törədilib".
Bu həftənin əvvəli Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, onun höküməti qətllə bağlı daha çox məlumata sahibdir və istintaq başa çatandan sonra dəlilləri ictimailəşdirəcək. Çavuşoğlu deyib ki, Səudiyyə Əərbistanı və məlumatı əldə etmək istəyən digər ölkələrə dəlillər təqdim edilib.
Kaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb. İlk öncə Səudiyyə Ərəbistanı Kaşıqçının konsulluğu tərk etdiyini və onun harda olduğunu bilmədiklərini, daha sonra onun əlbəyaxa dava nəticəsində öldüyünü, ən sonunda isə onun boğularaq öldürüldüyünü bildirib. Səudiyyənin baş prokuroru qətlin öncədən planlaşdırıldığını söyləsə də, onu kimin planlaşdırdığını və ya göstərişin kimdən gəldiyini deməyib.
Çavuşoğlu isə deyib ki, prezident Ərdoğan Səudiyyə Kralı Salmanla bir neçə danışıqdan sonra, onun qətldə əli olmadığına inanıb. Lakin xarici işlər naziri deyib ki, Türkiyəyə səfər edən 15 nəfərlik “cinayət komandası” özbaşına belə bir hərəkət edə bilməzdi və müstəntiqlər kimin onlara göstəriş verdiyini tapmalıdır.
Türkiyəli mənbə ötən həftə ABŞ-da fəaliyyət göstərən və “The Washington Post” qəzetində Səudiyyənin vəliəhdi şahzadə Məhəmməd bin Salmanla bağlı tənqidi məqalələr yazan Kaşıqçının konsulluğa daxil olduqdan dərhal sonra boğularaq öldürüldüyünü, onun cəsədinin bir neçə hissəyə bölündüyü və turşuda həll edildiyini bildirib.
Kaşıqçının cəsədinin harada olduğunun üstü açılmayıb. 59 yaşlı jurnalistin oğulları ABŞ-ın CNN telekanalında səudiyyəliləri onun cəsədini qaytarmağa çağırıb ki, o, Mədinə şəhərində ailəsinin digər üzvlərinin yanında dəfn edilsin.
Adının açıqlanmasını istəməyən Türkiyə rəsmisi Türkiyə hökumətinə yaxın “Sabah” qəzetində bildirib ki, Kaşıqçının ölümünü təhqiq etmək üçün Səudiyyə Ərəbistanından göndərilən komandanın üzvləri arasında kimya üzrə ekspert Əhməd Əbdüləziz Əl-Canobi və toksikologiya eksperti Xalid Yəhya Əl-Zəhrani də olub.
“Sabah”ın verdiyi məlumata görə,bu iki ekspert İstanbula gəldikləri gündən, yəni oktyabrın 11-dən oktyabrın 17-dək hər gün konsulluğu ziyarət edib. Səudiyyə rəsmiləri isə Türkiyə müstəntiqlərinə konsulluqda axtarış aparmağa oktaybrın 15-də icazə verib.