Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə gələn həftə Parisdə görüşə bilməyəcək. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp açıqlama verib.
Tramp deyib ki, çox guman ki, Putinlə gələn həftə Parisdə görüşməyəcək. Parisə başqa səbəblərə görə səfər etdiyini deyən Tramp bildirib ki, Putinlə bu ayın sonunda Buenos-Ayresdə keçiriləcək Böyük 20-lərin sammitində görüşməyi planlaşdırır.
Kreml tərəfindən Parisdə görüşün keçirilməsinə müsbət yanaşma göstərilib. Bununla belə, Rusiya mediası hökumət sözçüsünə istinadən bildirib ki, Fransada keçirilən tədbirlər çərçivəsində iki prezident arasında mühüm görüşlərin keçirilməsi mümkün görünmür.
“Birinci Dünya Müharibəsinin 100 illiyi ilə əlaqədar keçirilən çoxtərəfli tədbirlərin formatı iki prezidentin mühüm görüşlər keçirməsinə imkan vermir” - deyə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya mediasına bildirib.
Lakin Peskov deyib ki, iki prezident Fransada bir-birini görmək və qısa söhbət zamanı gələcək görüşləri müzakirə etmək imkanına malik olacaq. O, bildirib ki, iki lider Parisdə ayaqüstü görüşdə geniş görüş üçün vaxt təyin edə bilərlər.