Amerika Birləşmiş Ştatları İrandan neft idxal edən bəzi ölkələri gələn həftədən tətbiq ediləcək sanksiyalarda hədəf almayacaq. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Sanksiyaların noyabrın 5-də rəsmən qüvvəyə minəcəyini deyən Pompeo, hansı ölkələrin hansı müddətə sanksiyalara hədəf olmayacağını açıqlamayıb. O qeyd edib ki, güzəştlər ediləcək ölkələrin adları noyabrın 5-də açıqlanacaq.
“Biz səkkiz yurisdiksiya üçün müvəqqəti istisnalar yaratmağı nəzərdən keçiririk, ancaq yalnız ona görə ki, onlar İranla başqa sahələrdə əməkdaşlığı kifayət qədər azaldıblar və idxalı sıfıra endirmək üçün mühüm addımlar atıblar” - Pompeo bildirib.
Dövlət katibi qeyd edib ki, bu ölkələrdən ikisi İran neftinin idxalını tamamilə dayandıracaq, yerdə qalanlar isə əhəmiyyətli şəkildə azaldacaq.
Bundan əvvəl "Bloomberg" nəşri ABŞ administrasiyasından olan mənbəyə istinadən Vaşinqtonun sanksiyalara baxmayaraq İran neftini almağa davam etmələri üçün 8 ölkəyə güzəştə getdiyini yazıb. Nəşr güzəşt tətbiq ediləcək ölkələr arasında Türkiyə, Yaponiya, Hindistan və Cənubi Koreyanın adını çəkib. Mənbə vurğulayıb ki, bu güzəştlər qarşılığında ölkələr neftin qiymətinin artmasının qarşısını almaq üçün neft idxalını azaltmalıdır.
Pompeo isə bildirib ki, istisna Avropa İttifaqı ölkələrinə şamil edilməyəcək.
Sanksiyalar bazar ertəsi qüvvəyə minəcək.
Qeyd edək ki, mayın 8-i ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını və sanksiyalar tətbiq edəcəyini bildirib. Sanksiyalar noyabrın 5-də qüvvəyə minəcək və ölkənin enerji sektorunu əhatə edəcək.