ABŞ dövlət katibi Mayk Pompeo amerikan radiosunun “Tony Katz Today” verilişinə açıqlamasında ümid etdiyini bildirib ki, 1952-ci ildən NATO üzvü olan Türkiyə Alyansı tərk etməyəcək.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, belə bir addım həm NATO, həm ABŞ üçün məyusedici, Türkiyə vətəndaşları üçünsə uğursuzluq olardı. O deyib ki, Trampın prezidentliyinin ilk ilyarımlıq dövründə Vaşinqtonun Ankara ilə münasibətləri gərgin idi:”Lakin elə sahələr var ki, orada biz real nailiyyətlər əldə etmişik. Bu gün iki dövlət Suriya məsələsində, antiterror əməliyyatlarında əməkdaşlıq edir. Bu isə Amerika üçün çox önəmlidir”.
Pompeo deyib ki, İranla müqayisədə ABŞ daha yaxşı partnyordur və Ankara bunu dərk etməlidir. O üzdən də ABŞ, Avropa və NATO ilə əlaqələrini dərinləşdirməlidir.
Xatırladaq ki, oktyabrın 17-də baş tutan Ankara görüşündə Pompeo Türkiyənin Rusiyadan C-400 zenit-raket kompleksləri alması məsələsinə toxunub. Bu barədə dövlət katibi Türkiyədən Səudiyyə Ərəbistanına gedərkən təyyarədə jurnalistlərə özü desə də, təfərrüatlara varmayıb.
Onu da bildirək ki, Türkiyə həmin zenit-raket komplekslərini 2017-ci ilin sentyabrında sifariş verib, 2019-cu ilin mayında Rusiyanın bu sifarişin istehsalını başa çatdıracağı bildirilib.