Rusiya beynəlxalq pul köçürmə sistemi SWIFT-ə alternativ yaratdığı milli pul köçürmə sisteminə qoşulması üçün Türkiyə, Çin və İranla danışıqlar aparır.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov açıqlama verib.
Komitə sədri Rusiyada inkişaf etdirilən maliyyə transferi sistemindən istifadə edənlərin sayının artdığını deyib: “300-dən çox təşkilat bundan istifadə edir. Bunların böyük hissəsi banklardır. Ancaq banklar xaricində digər təşkilatlar da bu sistemdən istifadə edir".
Rusiya pul köçürmə sistemindən istifadə edənlərin sayının SWIFT-dən daha çox olduğunu iddia edən Aksakov, sistemin Türkiyə, Çin, İran və digər ölkələrdəki sistemlərə inteqrasiya edilməsi üçün danışıqlar aparıldığını vurğulayıb: "Bu ölkələrin milli sistemləri var və bunlar bizimkindən fərqlidir. Milli pul transferi sistemlərinin istifadəsində problem yaşanmaması üçün bunları texnoloji cəhətdən bir-birilə uyğunlaşdırmaq lazımdır".
Qeyd edək ki, 1973-cü ildə Brüsseldə təsis edilmiş SWIFT, ABŞ-da 1979-cu ildə fəaliyyətə başlayıb. SWIFT sistemində, əməliyyatlar dollarla aparıldığı üçün, bu əməliyyatlar avtomatik olaraq ABŞ sistemindən keçməli olur. Bu hal isə ABŞ-ın əməliyyatları izləmək və pul köçürmələrinə müdaxilə etməsinə yol açır.
Buna misal olaraq, ABŞ-ın danimarkalı bir iş adamının bir alman bankına SWIFT vasitəsilə pul köçürdüyü zaman 26 min dollarına əl qoyulmasını göstərmək olar. Bu barədə 2012-ci ildə Danimarka mətbuatı məlumat yayıb.
Bu gün ölkələrin milli valyuta ilə ticarətə keçmək niyyətinin səbəblərdən biri də, məhz ABŞ-ın belə müdaxilələrinin qarşısını almaqdır.