Rusiya Ukraynanın 322 vətəndaşına və 68 şirkətinə qarşı sanksiyalar tətbiq edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya hökuməti başçısı Dmitri Medvedyev bununla bağlı sərəncam imzalayıb.
Moskva bildirir ki, bu, Ukraynanın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq belə bir qərar verilib. "Rəsmi Kiyev sanksiyaları ləğv edərsə, Moskva da qərarı geri çəkər" – sərəncamda yazılıb.
Sanksiyalar siyahısında ukraynalı siyasətçilər, nüfuzlu iş adamları və məhkəmə hakimləri var. Onların arasında daxili işlər naziri Arsen Avakov, ölkənin Təhlükəsizlik Xidməti rəisi Vasili Qritsak, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy, “Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko, sabiq baş nazir Arseniy Yatsenyuk, “Naftoqaz” dövlət enerji şirkətininin rəhbəri Andrey Kobolev, Rusiyada qadağan edilmiş “Pravıy sektor” partiyasının sabiq lideri Dmitri Yaroş və Ukrayna prezidentinin oğlu, Yuxarı Radanın deputatı Aleksey Poroşenkonun adları var.
Sanksiyalara düşən hüquqi şəxslər arasında ölkənin sənaye və kənd təsərrüfatı müəssisələri, o cümlədən Ukrayna şirkətlərinin paylarına sahib olan xarici təşkilatlar var.
Xüsusi iqtisadi tədbirlər Rusiya ərazisində yerləşən hesabların, qiymətli kağızların, mülkün dondurulması və ölkədən kapitalın çıxarılmasının bloklanmasını nəzərdə tutur.