İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ-ın gələn həftənin bazar ertəsi günü yeni sanksiyalarının tətbiq edilməsindən sonra iranlılar qarşıdan gələn aylar daha çox çətinliklərlə qarşıla bilər.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasında danışan Ruhani deyib: “Son aylar xalqımız üçün çətin keçdiyini bilirəm. Qarşıdakı aylar da çətin ola bilər, lakin hökumət bu problemləri azaltmaq üçün bütün gücündən istifadə edəcək”.
ABŞ-ın noyabrın 5-də başlayacağı İran neftini hədəf alan birtərəfli sanksiyalarını Vaşinqton rəhbərliyinin yeni bir hiyləsi kimi xarakterizə edən Ruhani bunların da uğursuz olacaqlarına əmin olduğunu deyib: “Onsuz da yavaş-yavaş geri addım atmağa başlayıblar. Əvvəl İranın neft ixracını sıfıra endirəcəklərini söyləyirdilər. Daha sonra bunun mümkün olmadığını gördükdə, İranın neft ixracını azaltmaq istədiklərini söyləməyə başladılar. İran nefti məsələsi ilə bağlı heç bir məqsədinizə nail ola bilməyəcəksiniz".
ABŞ-ın sanksiyalarından qorxmadığını və ölkənin bütün təbəqələrinin əl-ələ verərək sanksiya problemini dəf edəcəklərini qeyd edən Ruhani Asya, Avropa və digər qitələrin böyük ölkələrinin bir çoxunin İranın yanında olacaqlarını bildirdiklərini deyib.
İran prezidenti ABŞ sanksiyalarına görə İranla ticarət əlaqələrini dayandıran şirkətlərə də səslənib: "ABŞ-ın təzyiqlərinin müvəqqəti, bizim sizinlə əlaqələrimizin isə daimi olduğunu deyirik. Amerikalılar bir neçə gün bağırıb-çağırıb gedəcəklər. Onlar region və böyük millətlər haqqında qərar verə bilməzlər".
Birləşmiş Ştatlar prezident Donald Trampın Tehranla dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra İrana qarşı sanksiyaları bərpa edib.
Bazar ertəsi ABŞ-ın İranın neft və qaz sektorunu hədəf alan sanksiyaları qüvvəyə minir.
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan 2015-ci il razılaşmasından çıxdığını may ayında elan edib. ABŞ bundan sonra İrana qarşı sanksiyaların bir hissəsini yenidən bərpa edib.
Bu sanksiyalar İranın avtomobil sektoru, qızıl və digər qiymətli metallar ticarəti, İran rialı və digər maliyyə transaksiyalarını hədəf alıb.
Qeyd edək ki, ABŞ-ın nüvə müqaviləsindən çəkildiyi tarixdən bu yana İranın neft ixracında təxminən gündəlik 800 min barrel azalma baş versə də, Tehran Çin və Hindistan başda olmaqla, bəzi ölkələrə neft ixracını davam etdirir.
İrana qarşı ilk mərhələ sanksiyalar avqustun 7-də qüvvəyə minmişdi.