Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçı ilə bağlı yeni iddia ortaya atılıb. İddialara görə,
Böyük Britaniya kəşfiyyatı Kaşıkçının Səudiyyə tərəfindən qaçırılma planının olması barədə əvvəlcədən məlumat əldə edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə İngiltərənin “Daily Express” qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, qaçırılma planını hadisədən 3 həftə əvvəl deşifrə edən Britaniya kəşfiyyatı bununla bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.
Məlumata görə, İngiltərə kəşfiyyatı Kaşıkçının qaçırılaraq Səudiyyə Ərəbistanına aparılmasına dair krallıqdan verilən əmrlə əlaqədar Səudiyyə kəşfiyyatının daxili yazışmalarını ələ keçirib
Adı açıqlanmayan bir kəşfiyyat rəsmisi isə, əmrlərin kral ailəsindəki bir nəfərdən gəldiyini bildiklərini deyib. “Bunun şahzadə Məhəmməd bin Salmanla bağlı olduğuna dair məlumatımız yoxdur. Ancaq bu əmri onun vermədiyi anlamına də gəlmir” - kəşfiyyat rəsmisi deyib.
Mənbənin sözlərinə görə, ilk əmrlər Kaşıkçını öncə tutmaq və dindirmək üçün gizli şəkildə Səudiyyə Ərəbistanına aparmaq olub. Bununla yanaşı planda alternativ variantlar da olub.
Qəzetə açıqlama verən kəşfiyyat qaynaqları, İngiltərə kəşfiyyat qurumu MI6-nın Səudiyyə Ərəbistanına planı ləğv etməsilə bağlı xəbərdarlıq etdiyini, ancaq Səudiyyənin xəbərdarlığı qulaqardına vurduğunu deyir.
Kaşıkçının yaxın dostlarından biri isə qəzetə, Kaşıkçının Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silah istifadə etdiyinə dair sübutlar topladığını deyib.
Ancaq maraqlıdır ki, Britaniya kəşfiyyatının Səudiyyənin kirli planları barədə, Kaşıkçının özünü və qətl yeri kimi seçilən Türkiyəni məlumatlandırıb-məlumatlandırmamasına dair heç nə deyilmir.