İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkelin iştirakı ilə Suriyadakı münaqişə ilə bağlı ilk dəfə dördtərəfli sammit keçirilib.
Baki-xeber.com xəbər verir ki, bir saat davam edən zirvənin sonunda bəyannamə qəbul edilib.
Bəyannamədə Suriyada davamlı atəşkəsin önəmi vurğulanıb və tərəflər bunun üçün birgə səy göstərməkdə qərarlı olduqlarını ifadə ediblər. Liderlər Suriya Ərəb Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı həmfikir olduqlarını bəyan ediblər.
Sammitdə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində atılması vacib olan addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması, ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Ərdoğan görüşdə ilin sonunadək Suriyada konstitusiya komitəsinin formalaşdırılması işini başa çatdırmağa çağırıb.
Türkiyə, Rusiya, Almaniya, və Fransa liderləri zirvə görüşünün yekunlarına dair mətbuata bəyanatlarla çıxış ediblər.
Putin bildirib ki, Suriya xalqı özü öz müqəddəratını həll etməlidir. O, Rusiya, Almaniya, Türkiyə və Fransanın Suriyadakı vəziyyətin yalnız siyasi və diplomatik yollarla həll olunmasında həmfikir olduğunu deyib: "Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir və xalq özü öz müqəddəratını həll etməlidirlər. Suriyada şiddət ciddi şəkildə azalıb, ancaq radikal qruplar oradan təmizlənməlidir. Onlar İdlib bölgəsində silahlı hücumlarda iştirak edərsə, Rusiya Suriya rəhbərliyinə qətiyyətlə kömək edəcək".
Rusiya lideri Türkiyənin tezliklə müxaliflərin İdlibdəki silahsız bölgədən geri çəkilməsini təmin etməsini gözlədiklərini qeyd edib: "Suriya konstitusiya komissiyasının işə başlaması lazımdır, bu sahədəki islahatlar məlumdur. Ərdoğanla birlikdə Almaniya və Fransa liderlərini İdlib müqavilələrinin yerinə yetirildiyi məsələsində məlumatlandırdıq. Ancaq Rusiya İdlibdə təxribatlar olarsa, terror təhdidinin yox edilməsi üçün Dəməşqə kömək etmək haqqını özündə gizli saxlayır. Suriyadakı dialoq problemi İran olmadan da həll edilə bilməz və konstitusiya komitəsinin formalaşdırılması prosesində Tehranla danışıqlar zəruridir".
Putin sonda bunları vurğulayıb: "Rusiya və Türkiyə sammit zamanı Fransa və Almaniyaya suriyalı miqrantların problemlərinin həlli ilə əlaqədar beynəlxalq konfrans keçirilməsi təklifini irəli sürüb".
Görüşlə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov isə dördlü zirvənin yekun qərarları ilə bağlı Suriya rejiminin də məlumatlandırılacağını deyib.
Bundan başqa zirvənin yekun qərarları ilə bağlı İran da məlumatlandırılacaq.