Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Kaşıkçının oğlu Salah bin Camal Kaşıkçı Səudiyyə Ərəbistanını tərk edərək ABŞ-a üz tutub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Human Rights Watch" hüquq müdafiəsi təşkilatının Yaxın Şərq bölməsinin icraçı direktoru Sara Lu Uitson bildirib. Onun sözlərinə görə, C.Xaşkacinin oğlu krallığı tərk etməyə qoyulan qadağa ləğv edildikdən dərhal sonra ailəsi ilə birgə ABŞ-a yollanıb.
Daha öncə, oktyabrın 23-də isə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud qətlə yetirilən jurnalistin qohumları ilə görüşüb.
Xatırladaq ki, C.Kaşıkçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedib və dərhal ardından yoxa çıxıb. Səudiyyə Ərəbistanı bir müddət jurnalistin konsulluqdan çıxdığında israr etsə də, sonradan onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanıb. Lakin meyit hələ də ortada yoxdur.