ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın səudiyyəli dissident və jurnalist Camal Kaşıqçının “özbaşına hərəkət edən agentlər” tərəfindən öldürüldüyü haqda verdiyi izahata inanmaq istəyir. Lakin o bildirib ki, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda baş vermiş qətl hadisəsinə görə, başlıca məsuliyyət şahzadə Məhəmməd bin Salmanın üzərinə düşür.
Tramp bu açıqlamaları “The Wall Street Journal” qəzetinə verib.
“Şahzadə bu mərhələdə orada bütün işləri görür. Orada işləri o aparır və əgər orada kimsə varsa, bu, o olacaq” – deyə o bildirib
ABŞ lideri bundan öncə deyib ki, Səudiyyə Ərəbistanı rəsmiləri şahzadənin tənqidçisi və “Washington Post” qəzetinin yazarı Kaşıqçının ölümünə “tarixdə ən pis şəkildə ört-basdır etməklə” cavab veriblər: “Onların ilk konsepsiyaları çox pis idi. Bu işi çox pis bir şəkildə görüblər və tarixdə ən pis şəkildə də ört-basdır ediblər. Çox pis işdi. Amma nə bu qətl baş verməliydi, nə də ört-basdır edilməliydi, çünki ümumiyyətlə belə bir hadisə heç vaxt baş verməməli idi”.
Bu arada, Britaniya da ABŞ-a qoşularaq, 59 yaşlı jurnalistin qətlində şübhəli bilinənlərin vizalarını ləğv edib. Birləşmiş Ştatlar və Qərbin bir sıra dövlətləri Ər-Riyada qarşı silah satışlarının dayandırılması da daxil olmaqla, görüləcək cəza tədbirlərini nəzərdən keçirir.
ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, vizaların ləğv edilməsi Birləşmiş Ştatlar tərəfindən atılan son addım deyil. “Biz onların məsuliyyətə cəlb edilməsi üçün əlavə tədbirləri nəzərdən keçiririk. Biz tam aydın etmişik ki, Birləşmiş Ştatlar jurnalist Kaşıqçını susdurmaq üçün zorakılıq yolu ilə belə qəddar hərəkətə dözümlülük göstərməyəcək” - deyə, o bildirib.
Almaniya kansleri Angela Merkel Ər-Riyada silah satışlarını artıq dayandırıb və təsdiq edilmiş silahların Səudiyyə Ərəbistanına çatdırılıb-çatdırılmamasını nəzərdən keçirir. Britaniyanın baş naziri Tereza Mey deyib ki, Səudiyyə Ərəbistanına silah satışları məsələsi nəzərdən keçirilir.
Qeyd edək ki, Türkiyə rəsmiləri, Səudiyyə Ərəbistanının Kaşıqçının qətlə yetirildiyi konsulluğun bağçasında polisin axtarış keçirməsinə icazə verdiyini açıqlayıb. Rəsmi Ər-Riyad bundan öncə axtarışın keçirilməsinə icazə verməmişdi.