Amerikanın “CNN İnternational” və Qətərin “Əl-Cəzirə” kanalları 14 gündür itkin düşən “Washington Post” qəzetinin səudiyyəli yazarı Camal Kaşikçı ilə bağlı yeni bir iddia ortaya atıblar.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, CNN Kaşikçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü yayıb: "Səudiyyəli jurnalisti Camal Kaşikçı oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda öldürüldü".
Kanal mənbələrə istinadən bildirir ki, Kaşikçı öldürüldükdən sonra cəsədi hissələrə parçalanaraq konsulluq binasından çıxarılıb.
“Əl-Cəzirə” isə Türkiyə rəsmilərinə istinadən əldə edilən səs yazılarından detallar açıqlayıb. Səudiyyə rəsmilərinin, qətl törətdiyini və cəsədi hissələrə parçalamalarının yeddi dəqiqə davam etdiyini iddia edən kanal bildirir: "Səudiyyəli məhkəmə eksperti Salih əl Tubeyki cəsədi hissələrə bölərkən yoldaşlarından musiqi dinləməyi istəyib".
“Əl-Cəzirə” iddia edir ki, cinayət konsolun otağında törədilib, həmin vaxt baş konsul Məhəmməd Uteybi də otaqda olub.
Kanala bu barədə məlumat verən türkiyəli mənbə səs yazılarının ABŞ və Səudiyyə rəhbərliyi ilə də paylaşdıqlarını deyib.