Müxtəlif media məlumatlarına əsasən, Səudiyyə Ərəbistanından olan jurnalist və rejim tənqidçisi Camal Kaşıqçının öz ölümünü Apple Watch vasitəsilə qeydə alıb.
Xəbərlərdə bildirilir ki, Xaşuqci 2 oktyabr tarixində nikah üçün lazım olan sənədləri əldə etmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olarkən öz cihazının səsyazma funksiyasını işə salıb.
Əlavə edilir ki, biləyindəki Apple Watch informasiyanın saxlanıldığı iCloud və konsulluğa daxil olmaqdan öncə nişanlısına verdiyi telefona bağlı idi. Nişanlısı Camal Kaşıqçını konsulluq binası önündə gözlədiyini və onun binanı tərk etmədiyini bildirir.
Xəbərlərdə bildirilir ki, cihaz nəinki Kaşıqçının dindirilməsi və işgəncəyə məruz qalmasını, həm də qətlini qeydə alıb.
Qeyd edək ki, bundan əvvəl “The Washington Post” qəzeti, Türkiyə rəsmilərinin amerikalı həmkarlarına səudiyyəli jurnalist Kaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda öldürüldüyünü sübut edən videolara və audiolara sahib olduğunu bildirdiyini yazıb.
Məsələdən məlumatı olan mənbənin qəzetə dediyinə görə, sübutlar Camal Kaşıqçının konsulluq binasına daxil olduqdan sonra başına gələnlərə aydınlıq gətirir.
Yazının olmasından xəbəri olan şəxs bildirir ki, səsyazmada ərəbcə danışan Kaşıqçının və digər kişilərin səslərini eşitmək olar. Orada jurnalistin dindirildiyi, işgəncələrə məruz qaldığı və öldürüldüyü eşidilir. Digər məlumatlı şəxs Kaşıqçının döyülməsinin eşidildiyini təsdiq edir.
Sübutların mövcudluğu Türkiyə rəsmilərinin hansı səbəbdən bü cür əminliklə Səudiyyə Ərəbistanını Kaşıqçının qətlində ittiham etməsinə aydınlıq gətirir.
ABŞ və sıra başqa ölkələrin təhlükəsizlik agentliklərinin verdiyi məlumata görə, jurnalistin yoxa çıxmasından öncə 15 Səudiyyə təhlükəsizlik işçisi Türkiyəyə gəlib.
Xarici kəşfiyyat orqanları səudiyyəlilərin jurnalisti öldürmək deyil, qaçırmağı planlaşdırdıqlarını ehtimal etdiklərini deyirlər. Bəzi təsdiqlənməmiş məlumata görə, Kaşıqçı Türkiyədən öz vətəninə şəxsi təyyarə ilə çıxarıla bilərdi. Lakin “The Washington Post” qəzetinin mənbəsi jurnalistin məhz konsulluqda öldürüldüyünü və hadisə baş verdikdən sonra 15 səudiyyəli təhlükəsizlik işçisinin Səudiyyə Ərədistanı konsulunun evinə getdiyini bildirib. Həmin günü konsulun evində işləyən personalı da vaxtından tez evə buraxılıb.
Türkiyə isə konsulluq binası ilə yanaşı konsulun evində də axtarış aparmaq niyyətindədir. Çünki o da ehtimal edilir ki, Kaşıqçı konsulluqda öldürüldükdən sonra cəsədi konsulun evinə aparılıb və orada basdırılıb. Türkiyə mediası yazır ki, bu ehtimal səsləndirildikdən sonra Səudiyyənin İstanbuldakı konsulu evindən bayıra çıxmır, konsulluq binasına belə getmir.
Səudiyyə Ərəbistanından qaçan və ABŞ-da yaşayış hüququ olan və “The Washington Post” qəzetinə məqalələr yazan Kaşıqçı oktyabrın 2-si Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb. O, konsulluğa nişanlısı Xədicə Cengizlə nikaha girmək üçün əvvəlki evlilikdən boşanma sənədi almaq üçün müraciət etmişdi.
Xədicə nişanlısını konsulluğun qarşısında 11 saata yaxın gözləsə də, o binadan çıxmayıb. Xədicə Cengiz onunla əlaqə yarada da bilməyib. Konsulluğa getməzdən əvvəl o nişanlısına binadan çıxmadığı halda Türkiyə prezidentinin məsləhətçisinə müraciət etməsini istəyib.