Rusiya Niderlanda nota verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, nota Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Niderland səfiri Rene Cons-Bos təqdim edilib.
Rusiya XİN Niderlandın kiber hücum iddalarının provokasiya olduğunu bildirib.
“Niderlandın notasına cavab olaraq səfir Rene Cons-Bosa Rusiya tərəfindən nota təqdim edildi. Bu təşəbbüs, Kimyəvi Silahlar Konvensiyası və Birləşmiş Millətlər Təşkilatının prinsiplərini pozan bir təxribatdır” - deyə Rusiya XİN-dən bildirilib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə rusiyalı mütəxəssislərin Niderlanda səfər etmələrində qeyri-adi heç nə olmadığını bildirib: “Bu, adi bir səfər olub. Onlar nə mehmanxanada, nə hava limanında, nə də səfirliyimizə gələndə gizlənməyiblər”.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarını tutanda onlara heç nə izah etməyiblər, səfirliklə əlaqə saxlamağa qoymayıblar və ölkədən çıxmağı xahiş ediblər: “Bu, anlaşılmazlıq kimi görünürdü. Bizim ünvanımıza heç bir ittiham yox idi”.
Amma sentyabrda holland mətbuatında bu adamların kibercasusluqla məşğul olduqları barədə informasiya yayılıb: “Biz dərhal Niderland səfirini dəvət etdik və izahat istədik. Amma bizə anlaşılan heç bir söz demədilər”.
Qeyd edək ki, oktyabrın 4-ü Niderland bu ilin aprel ayında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) kiberhücuma cəhd etdikləri iddia olunan dörd rusiyalını ölkədən çıxarıb. Niderlandlı məmurların sözlərinə görə, ölkədən çıxarılan Rusiya vətəndaşları xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Məlumatda vurğulanır ki, onların diplomatik pasportları olub.
"BBC"nin məlumatına görə, ruslar KSQT-nın məlumatlar bazasına daxil olmaq üçün içərisi casus aparatları ilə dolu olan avtomobili təşkilatın binası yaxınlığında saxlayaraq, kəşfiyyat işi aparıb. Məsələ ilə bağlı Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya XİN-dən olan mənbə isə məsələyə münasibət bildirərək qeyd edib ki, heç bir sübutdan söhbət gedə bilməz. Onun sözlərinə görə, Rusiya təşkilatın bütün strukturlarına üzvdür, onun bütün sənədlərə çıxışı var, ona görə də nəyəsə haker hücumu etməyə ehtiyac yoxdur: "Bu növbəti axmaqlıdır".