Türkiyə səudiyyəli jurnalist Camal Kaşıqçının yoxa çıxmasının təfərrütlarının müəyyən edilməsi üçün Səudiyyə Ərəbistanından İstanbul konsulluğunda axtarış aparılmasına icazə verməsini tələb edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu tələb ikinci dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan Səudiyyə Ərəbistanının Ankaradakı səfirinə çatdırılıb.
Türkiyə hökuməti rəsmi Ər-Riyaddan İstanbul konsulluğunda axtarış aparılması üçün icazə istəyib.
Ankara həmçinin, səfirə, məsələ ilə bağlı Ər-Riyadın tam əməkdaşlıq edəcəyini gözlədiklərini bildiriblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman İstanbuldakı konsulluqda axtarış aparılması üçün Türkiyəyə icazə verməyə hazır olduqlarını bildirmişdi. Onun bildirdiyinə görə, 59 yaşlı Kaşıqçının yoxa çıxması ilə əlaqədar gizlədilməli heç bir şey yoxdur.
Səudiyyə hökumətinin kəskin tənqidçilərindən biri olan “The Washington Post”un yazarı Kaşıkçı oktyabrın 2-də evlilik proseduru üçün baş konsulluğa gedib və ondan daha sonra heç bir xəbər alınmayıb. O, Səudiyyə Ərəbistanında fərqli düşünənlərə qarşı təqiblərdən sonra ölkəni tərk edib Birləşmiş Ştatlarda yaşayırdı.
Türkiyə polisi jurnalistin konsulluğu tərk etmədiyini desə də, səudiyyəli rəsmilər “Reuters” müxbirinə qapılarını açaraq Kaşıkçının binada olmadığına sübut etməyə çalışıblar.
Türkiyə rəsmiləri jurnalist Camal Kaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünə inandıqlarını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı rəsmiləri Camal Kaşıqçının evlənmək haqda sənədlərin hazırlanması üçün keçən həftənin çərşənbə axşamı günü konsulluğa daxil olduqdan sonra oranı tərk etdiyini sübuta yetiməlidirlər. Onun türk nişanlısı Hatice Çengiz Camal Kaşıqçının konsulluq binasından çıxmadığını bildirir.
“Biz bu təhqiqatın nəticələrini ən tez zamanda əldə etməliyik. Konsulluq rəsmiləri “o buranı tərk edib” deməklə özlərini xilas edə bilməzlər” - Ərdoğan bildirib.