Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın kral Salman haqda “ABŞ-ın hərbi dəstəyi olmadan iki həftə də hakimiyyətdə qala bilməzsiniz” bəyanatına cavab verib. Baki-xeber.com xəbər verir ki, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salman “Bloomberg” televiziyasına müsahibəsində ölkəsinin təhlükəsizliyi qarşılığında heç bir əvəz ödəməyəcəklərini deyib.
“Səudiyyə Ərəbistanı tarixdə 1744-cü ildən mövcuddur, ABŞ-dan 30 il əvvəl… Trampın son çıxışları heç də xoş deyil…
Səudiyyə Ərəbistanı təhlükəsizliyinin əvəzində hər hansı bir bədəl ödəməyəcək. ABŞ-dan aldığımız bütün silahların pulunu ödəyirik. Bunlar havayı gələn silahlar deyil…
Amma Trampın sözlərini "hər hansı dost yaxşı və ya pis şeylər söyləyə bilər" kimi qəbul edirik. Çünki ABŞ prezidenti ilə çalışmağı sevirəm. İki ölkə arasındakı münasibətlər 99 faiz yaxşı gedərkən 1 faiz pis məsələ gündəmə gəldi" - şahzadə bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bin neçə gün əvvəl Səudiyyə Ərəbistanı kralı Salmanla danışdığını və ona xəbərdarlıq etdiyini deyib: "Biz Səudiyyə Ərəbistanını qoruyuruq. Onların zəngin olduğunu deyə bilərik. Kral Salmanı sevirəm, amma ona dedim ki, biz səni qoruyuruq, biz olmadan 2 həftə orada (iqtidarda) qala bilməzsən. Bizim ordumuza ödəniş etməlisən".
Tramp başqa bir açıqlamasında isə Səudiyyəni qorumağın qarşılığını heç nə almadıqlarını açıq dilə gətirib: "Bu gün səhər Kral Salmanla danışdım. Dedim ki, "Kral, trilyonlarla dollarınız var. Biz olmasaq nə olacağını kim bilir... Bizimlə olduğunuz müddətdə tamamilə təhlükəsizlikdəsiniz. Ancaq biz bunun qarşılığında almamız lazım olan şeyləri almırıq".