Beynəlxalq polis təşkilatı - “İnterpol”un prezidenti Men Xunvey itkin düşüb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, artıq Fransa polisi, İnterpolun prezidentinin 8 gündən bəri itkin düşməsi faktı üzrə araşdırmaya başlayıb.
Məlumata görə, mərkəzi Fransanın Lyon şəhərində olan “İnterpol”un rəisi Men Xunveylə 29 sentyabrdan sonra əlaqə yaradmaq mümkün olmayıb. Qeyd olunur ki, 64 yaşlı Xunvey sentyabrın 29-da Fransadan ayrılaraq Çinə səfər edib, bundan sonra isə evə dönməyib. Ondan xəbər ala bilməyən həyat yoldaşı isə bu barədə polisə müraciət edib.
Fransa polisinin itkin düşməsi ilə bağlı araşdırmalara başladığı "İnterpol"un rəhbəri Men Xunvey Çində istintaqa cəlb olunub. Sputnik Azərbaycan "South China Morning Post"-a istinadən xəbər verir ki, mənbə nəşrə, 64 yaşlı Men Xunveyin təyyarədən endiyi vaxt Çinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparıldığını deyib. Hazırda Çin tərəfinin "İnterpol" rəhbərini hansı iş üzrə istintaqa cəlb etdiyi bilinmir. Onun harada saxlandığı da məlum deyil.
Məsələ ilə bağlı “İnterpol” da açıqlama yayıb. Hadisələri diqqətlə izlədikləri bildirilən açıqlamada bununla bağlı daha geniş açıqlama verilməyəcəyi deyilir.
Qeyd edək ki, Men Xunvey 2016-cı ilin noyabr ayından bəri “İnterpol”un rəisi vəzifəsini yeridir. Onun ailəsi də “İnterpol”un mərkəzi qərarğahının yerləşdiyi Lion şəhərində yaşayır.