Ermənistanın baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanatından sonra ölkədə vəziyyət yenidən kəskinləşib. Nikol Paşinyan bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin dekabr ayında keçiriləcək.
Baş nazir bu barədə parlament sədri Ara Balayan və Respublikaçılar Partiyasının parlament qrupunun rəhbəri Vaqram Baqdasaryanla görüşündən sonra məlumat verib. Növbədənkənar parlament seçkilərinin dəqiq vaxtının isə yaxın zamanlarda elan olunacağı açıqlanıb.
Elə hər şey də Paşinyanın bu bəyanatından sonra başlayıb. Respublikaçılar Partiyası növbədənkənar parlament seçkilərinin qarşısını almaq üçün dərhal hərəkətə keçib və parlamentdə çoxluğa malik partiya növbədənkənar seçkilərin qarşısını almağa imkan verən qanun qəbul edib.
"Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini parlament ikinci oxunuşda qəbul edib. Layihənin lehinə 67 deputat səs verib. Növbədənkənar iclas bir neçə dəqiqə davam edib, Paşinyanın çağırışı ilə "Yelk" (Çıxış) fraksiyası səsvermədə iştirak etməyib.
Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.
Paşinyan isə parlamentə ultimatum verərək qanunun geri çağırılmasını tələb edib.
O, bildirib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm... Ancaq baş nazir vəzifələrini icra edəcəyəm".
Öz növbəsində "Daşnaksütun" partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.
Bütün bunlara baxmayaraq baş nazir, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacağını deyib.
Ermənistan parlamentinin binası qarşısında isə Paşinyanın çağırışı ilə onun tərəfdarlarının etiraz aksiyası başlayıb. Paşinyan digər şəhərlərdə də insanları növbədənkənar seçki tələbilə küçələrə çıxmağa çağırıb.
Məlumata görə, Paşinyan özü də İrəvanda etirazçıların toplaşdığı yerə gəlib. O, tərəfdarları ilə bir yerdə parlament binasını mühasirəyə alaraq, deputatların binanı tərk etməsinə mane olur. Paşinyan ölkədə “əks-inqilab” başladığını elan edib. O, Respublikaçılar Partiyasının və əks-inqilabı dəstəkləyən qüvvələrin siyasət səhnəsindən silinməli olduğunu deyib.
Paşinyan həmçinin qalmaqallı qanun layihəsinə səs vermiş “Daşnaksütun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin istefaya göndərilməsi barədə qərar verib. O, mitinqdə hamının gözü qarşısında 6 nazirin istefası barədə əmr imzalayıb.
Baki-xeber.com