ABŞ-la Çin arasında davam edən ticarət müharibəsi diplomatik əlaqələrə də təsir edir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, son gərginliklə əlaqədar Pekin ABŞ müdafiə naziri Jim Mattisilə keçiriləcək təhlükəsizlik toplantısını ləğv edib.
Bu barədə “New York Times” qəzetinə ABŞ-dan yüksək vəzifəli şəxs açıqlama verib. Ləğv qərarı ABŞ-ın Çinə qarşı vergi siyasəti, Çin dənizdə gərginlik, Çinin Rusiyadan silah almasına görə sanksiyalarla üzləşməsi və ABŞ-ın Tayvana 300 milyon dollarlıq silah satmasından sonra verilib.
Məlumata görə Çin, toplantıya qatılacaq yüksək rütbəli müdafiə rəsmisinin Mattisi qəbul etməyə vaxtının olmadığını deyib.
Lakin tərəflər ləğvin səbəbi ilə əlaqədar rəsmi açıqlama verməyiblər. Ləğv edilən təhlükəsizlik toplantısının başqa bir tarixdə keçirilib-keçirilməyəcəyi də məlum deyil.
Bu arada Çinin döyüş gəmiləri Cənubi Çin dənizindəki mübahisəli adaların su sahəsinə girməyə çalışan ABŞ destroyeri "USS Decatur"in qarşısını alıb. Məlumata görə, Çin gəmiləri insident zamanı ABŞ gəmisinə təhlükəli dərəcədə yaxınlaşıb. ABŞ mətbuatı da Çin hərbi gəmilərinin ABŞ destroyerinə 15 metr məsafəyə qədər yaxınlaşdığını iddia edib.
Qeyd edək ki, keçirilən Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ prezidenti Donald Tramp Çini ölkəsindəki Konqres seçkilərinə müdaxilə etməkdə günahlandırmış, Çin Xarici İşlər naziri Uanq Yi ittihamları rədd etmişdi. O, Çinin şantajlara boyun əyməyəcəyini də bildirmişdi.