Səudiyyə Ərəbistanı İranın Əhvaz şəhərində törədilən silahlı hücuma dair ittihamları qəbul etmir.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA”nın Xarici İşlər Nazirliyindən bir səlahiyyətliyə istinadən yaydığı xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanının digər ölkələrin daxili işlərinə qarışmama siyasəti açıqdır. Özünün daxili işlərinə müdaxiləni də tamamilə rədd edir. Buna baxmayaraq müdaxilə edən tərəf İran rejiminin özüdür.
Rəsmi Tehranın bir müddət əvvəl Səudiyyə Ərəbistanını İran iqtisadiyyatının tənüzzülünə səbəb olmaqda ittiham etdiyi xatırladılan xəbərdə qeyd olunub: “İran rejiminə yeni bir metod tapmasını və xalqının rifahı və ölkənin sabitliyi üçün işləyən məsul bir dövlət kimi rəftar etməsini, yaxşı qonşuluq prinsipi ilə davranmasını, beynəlxalq hüquq və normalara hörmətlə yanaşmasını və digər ölkələrin daxili işlərinə müdaxilə etməməsini təklif edirik”.
Xatırladaq ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində hərbçilərin paradına silahlı hücum nəticəsində 17-si əsgər 25 nəfər ölüb, 69 nəfər yaralanıb.
İranın Baş Qərargah Rəisliyinin sözçüsü general-mayor Əbulfazl Şikarçi hücumdan sonra yaydığı bəyanatda ABŞ, İsrail və Səudiyyə Ərəbistanını Əhvazdakı silahlı hücumla bağlı günahlandıraraq, bu hadisənin cavabsız qalmayacağını söyləyib.