İran XİN ölkənin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktının ardından Danimarka, Niderland və Böyük Britaniyadan səfirlərini geri çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “France-Presse” agentliyi xəbər verib. AFP isə bildirib ki, sentyabrın 23-də dövlət televiziyası ilə çıxış edən prezident Həsən Ruhani terrorda Xuzistan əyalətindəki ərəblərin əli olduğunu deyib. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərində baş verən İran-İraq müharibəsi dövründə Xuzistan əyalətindəki ərəblər Səddam Hüseynə dəstək verib, sonra isə “sahiblərini dəyişiblər”. Onun sözlərinə görə, hazırda onları Fars körfəzinin cənub sahillərində yerləşən bir ərəb ölkəsi kurasiya edir.
“France-Presse” xatırladır ki, hazırda İranın bölgədəki əsas rəqibi Səudiyyə Ərəbistanıdır. İki ölkə arasında diplomatik əlaqələr 2016-cı ildən kəsilib.
Xatırladaq ki, İranın Əhvaz şəhərində şənbə gübü törədilən teraktın məsuliyyətini “Əhvaz ərəblərinin demokratik cəbhəsi” öz üzərinə götürüb. Eyni zamanda İŞİD də teraktda əli olduğunu bəyan edib. Bu arada Londonda mənzillənən “Iran International” telekanalı “Əhvaz ərəblərinin demokratik cəbhəsi” adından bəyanat yayıb. “France-Presse” xəbər verib ki, daha sonra hərəkat özünün veb-saytında teraktda əli olmadığı barədə bəyanat yerləşdirib.