Tehran Əhvaz terrorunun arxasında hansı təşkilatın durduğundan “tam şəkildə məlumatlıdır” və terrorçuların kimlərlə əlaqəli olduğunu da gözəl bilir.
Bakı-xeber.com-un xəbərinə görə, bu sözləri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka yola düşən İran prezidenti Həsən Ruhani “Mehrabad” aeroportunda jurnalistlərə verdiyi eksklüziv müsahibəsində deyib. Prezident Ruhani onu da deyib ki, Əhvaz terrorunun arxasında Körfəz ölkələrindən birinin durduğundan xəbərdardırlar.
“Bu cinayətkar qruplaşmalar Səddam Hüseynin hakimiyyəti dövründə İrana qarşı İraqdan yararlanıblar. Körfəz ölkələrindən biri bu qruplaşmalara sponsorluq edir, onlara hərbi və siyasi dəstək verir”- Ruhani deyib.
Xatırladaq ki, İranın cənubundakı Əhvaz şəhərində hərbi parad zamanı törədilən teraktda 29 nəfər həyatını itirib, 53 nəfər yaralanıb. Parad 1980-1988-ci illərdə İranla İraq arasında gedən müharibənin ildönümü münasibətilə keçirilirdi.