İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın cənubundakı Əhvaz şəhərində hərbi parada terror hücumuna görə, “regional terror sponsorlarını” və onların “amerikalı sahiblərini” günahlandırıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri bu barədə Twitter-dəki mesajında yazıb.
“Xarici bir ölkə tərəfindən təlim keçirilən, silahlandırılan və dəstəklənən terrorçular Əhvaza hücum etdi. Yaralılar arasında uşaqlar və jurnalistlər də var. İran regional terror dəstəkçisi və ustaları Amerika Birləşmiş Ştatlarını bu cür hücumlara görə, cavabdeh görür. İran iranlıların təhlükəsizliyini müdafiə etmək üçün bu cür hücumlara dərhal və dəqiq cavab verəcək” - Cavad Zərif yazıb.
İranın Baş Qərargahının sözçüsü Ebulfazl Şikarcı isə, silahlı hücuma görə ABŞ, İsrail və Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını deyib və hər üç ölkəni hədələyib: "Bu hərəkətlər cavabsız qalmayacaq".
Parada hücum edən terrorçu qrupun ABŞ və İsraillə əlaqəli olduğunu iddia edən Şikarçi daha sonra bildirib: "Terorçu qrup, Körfəz ölkələrinin də hərbi və maddi dəstəyilə hücumu reallaşdırdı".
Qeyd edək ki, İranın cənubundakı Əhvaz şəhərinə İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə keçirilən hərbi parad zamanı terror aktı baş verib. İran prezidenti Həsən Ruhani də paradda iştirak edirmiş. Hücum zamanı prezident H.Ruhani dərhal ərazıdın çıxarılıb.
Dövlət televiziyasının verdiyi məlumata əsasən, hücumçular İran rəsmilərinin 1980-1988-ci illərdə İran-İraq müharibəsini qeyd etmək məqsədilə hər il keçirilən paradı izləmək üçün toplaşdığı yeri hədəf alıb. Ölkə boyu bir neçə yerdə bənzər paradlar keçirilib.
İran rəsmilərinin açıqlamalarına görə, terror hücumu zamanı ən azı 24 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Ölənlərin əksəriyyətinin İranın elit İnqilab Keçikçiləri Ordusunun üzvləri olduğu bildirilir. Bəzi məlumatlara görə, ölənlər arasında bir jurnalist də var.
Terrorçularla atışma 10 dəqiqə davam edib və sonda hücumu gercəkləşdirən 4 terrorçu öldürülüb.
Əhvaz şəhərində hərbi parada qanlı hücuma görə, məsuliyyəti İranın terror təşkilatı kimi tanıdığı "Əl-Əhvaziyə" separatçı qruplaşması öz üzərinə götürüb. Ancaq İŞİD terror qruplaşması da insidentə görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.
Hadisədən dərhal sonra İran İraqla sərhəddəki iki gömrük keçid məntəqəsini başlayıb. Rəsmilər ola biləcək başqa hücumlara qarşı sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini artırıb.