Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin son 10 gündə 2-ci dəfə bir araya gəlib. Baki-xber.com xəbər verir ki, Ərdoğan və Putin Soçi şəhərində keçirilən görüşdə Suriyanın İdlib bölgəsində silahlardan təmizlənmiş zona yaradılması ilə bağlı razılığa gəlib.
Rusiya prezidenti əsas müzakirə mövzusu olan İdliblə bağlı mühüm razılıqlar əldə edildiyini vurğulayıb: “İdlibdə 15-20 kilometrlik silahsız zona yaratmaq qərarına gəldik. Ərdoğanın təklifi ilə ağır silahlar da bölgədən çəkiləcək".
Türkiyə prezidenti Ərdoğan da Suriya məsələsində fikir mübadiləsi apardıqlarını deyib: “Müxaliflər və rejimin nəzarəti altındakı ərazilər arasında silahlardan təmizlənmiş zona yaradılmasına qərar verdik. Tərksilah edilmiş regionun təhlükəsizliyi Türkiyə və Rusiya hərbi qüvvələri tərəfindən koordinasiyalı şəkildə təmin olunacaq.
Müxaliflər hazırda olduqları bölgələrdə qalacaqlar. Radikal qrupların bölgədə fəaliyyət göstərməsinin qarşısını alacağıq.
Rusiya İdlibdəki silahlardan təmizlənmiş bölgəyə hücum edilməməsini təmin etmək üçün lazımi tədbirləri görəcək. Türkiyədə bu barədə üzərinə düşəni edəcək.
Beləliklə, İdlibdə böyük humanitar fəlakətin qarşısını aldıq. Bundan sonra Suriyanın konstitusiya komitəsinin işini tamamlaması və keçiriləcək seçkilərdə Suriya xalqının öz seçimini ortaya qoymasını arzulayırıq”.
Ərdoğan-Putin görüşündən dərhal sonra jurnalistlərə açıqlama verən Rusiya müdafiə naziri Sergey Şoyuq isə İdlibdə hərbi əməliyyat keçirilməyəcəyini bəyan edib: “İdlibdə hərbi əməliyyat keçirilməyəcək. Bununla bağlı detallar Suriya tərəfi ilə də razılaşdırılacaq”.
Qeyd edək ki, Ərdoğan-Putin görüşündən əvvəl Əsədin əsas müttəfiqlərindən biri olan İran, rejimin İdlibə mümkün əməliyyatlarına qoşulmayacağını bəyan edib.