Kataloniya muxtar vilayətinin rəhbəri Quim Torra İspaniya hökumətindən daha çox səlahiyyət deyil, müstəqillik refendumu istəyərək insanları küçəyə çıxmağa çağırıb.
Q.Torra Barselonada etdiyi "Bizim an" devizli çıxışında mərkəzi hökumətlə Katalonyanın gələcəyinə dair danışıqlarda iştirak etməyə hazır olduğunu və zorakılığı rədd etdiyini deyib. Baş nazir Pedro Sançezin "möhkəmləndirilmiş muxtariyyət referendumu" təklifini yetərsiz saydığını bu sözlərlə ifadə edib: “Problemi ancaq beynəlxalq səviyyədə tanınacaq müstəqillik referendumu həll edə bilər. Geri addım atmadıq və hədəfimizdən əl çəkmədik. Məqsədimiz bəllidir: bu, respublika quruluşlu müstəqil Kataloniya dövləti. Buna görə müstəqillik tərəfdarlarını gələn həftə xalq iclasları və mitinqlərə doldurmağa çağırıram… Müstəqillik cəhdlərilə bağlı mühakimə olunan Kataloniya siyasətçi və ya vətəndaş cəmiyyəti liderlərinə bəraət qərarı tələb edirik. "Ya azadlıq, ya da azadlıq".
Xatırladaq ki, 2017-ci ilin 1 oktyabrında keçirilən və İspaniya Konstitusiya Məhkəməsinin qeyri-qanuni elan etdiyi müstəqillik referendumundan sonra Kataloniya yerli parlamenti 27 oktyabrda birtərəfli müstəqillik elan etmişdi. Bundan sonra mərkəzi hökumət yerli rəhbərliyi vəzifədən götürmüş, regionu birbaşa idarə etməyə başlamış və məhkəmələr də bəzi rəhbərlərin həbs olunmasına qərar vermişdi. 21 dekabrda keçirilən ilkin seçkiləri müstəqillik tərəfdarı olan partiyalar qazanmış və yenə müstəqillik məqsədiylə bir hökumət qurmuşdu.
Son olaraq İspaniyanın baş naziri Pedro Sançez Katalonyaya daha çox muxtariyyət verilməsilə bağlı referendum təklif edib.