Ruslan Atakişiyev: “… gələcəkdə həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olması baxımından böyük əhəmiyyət kəsb edir”
Məlum olduğu kimi, sentyabrın 1-də Soçidə geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Prezidentlər ölkələrarası iqtisadi münasibətlərin daha da inkişaf etməsi üçün müqavilələr imzalayıblar.
İmzalanan müqavilələrdən biri də əmlak hüquqlarının qeydiyyatı ilə bağlıdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Daşınmaz əmlakın hüquqlarının qeydiyyatı və kadast fəaliyyəti sahəsində əməkdaşlığın nə kimi əhəmiyyəti olacağı barədə iqtisadçı-ekspert Ruslan Atakişiyevin fikrini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər iki ölkə arasında iqtisadi sazişlərin imzalanması ilk öncə ölkə iqtisadiyyatına müsbət təsir edəcək: “Hər iki ölkə vətəndaşlarının müəyyən bir əmlaka sahib olması, əmlak hüquqi əldə etməsi olduqca vacibdir. Əmlak hüququnun əldə edilməsi gələcəkdə həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olması baxımından böyük əhəmiyyət kəsb edir. Xarici ölkələrdə də əmlak hüququnun əldə olunmasına xüsusi önəm verilir”.
Həmsöhbətimizin sözlərinə görə, Rusiya qonşu ölkədir: “Qonşu ölkə ilə daşınmaz əmlakla bağlı sazişin imzalanması iqtisadi əlaqələrin daha da sıxlaşmasına səbəb olacaq. Danılmaz faktdır ki, bu gün həm Rusiya vətəndaşları Azərbaycanda, eynilə azərbaycanlılar Rusiyada mənzil alırlar. Bu müqavilə sayəsində daşınmaz əmlakın hüquqi qeydiyyatı daha da asanlaşacaq və insanlar hər iki ölkədə mənzil almaqda maraqlı olacaqlar. Beləliklə, Rusiya vətəndaşları ölkəmizdə mənzil sahibi olmağa daha çox can atacaqlar. Təbii ki, bu da iqtisadiyyata əlavə gəlir gətirəcək”.
Günel CƏLİLOVA