İranın İraqdakı şiə silahlılara onlarla raket göndərməsi barədə iddianın ortaya atılmasından sonra İsrail bölgəni vurmaqla bağlı təhdid edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi yaydığı bəyanatda İraqdakı İran hədəflərinin vurula biləcəyini bəyan edib.
Buna qədər Suriyadakı İran hədəflərini vuran İsrailin müdafiə naziri Aviqdor Liberman bölgədə baş verənlərin diqqətlə izlədiklərini deyib: "Suriyada baş verənləri diqqətlə müşahidə edirik. İran hədəfləri mövzusunda özümüzü yalnız Suriya ərazisilə məhdudlaşdırmırıq. Bu çox aydındır. Haradan gəlirsə gəlsin, hər hansı bir İran təhdidinə cavab verəcəyik".
Qeyd edək ki, "Reuters" agentliyi Tehranın İraqdakı şiə müttəfiqlərinə onlarla raket göndərdiyini yazıb. 700 kilometr mənzilli raketlər, İraqın qərb və cənub hissələrində yerləşdiriləcəyi halda, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl Əvivi vurmaq gücünə malikdir.
Agentlik bu barədə İran, İraq və Qərb mənbələri istinadən xəbər yayıb. Agentliyə açıqlama verən bir İran rəsmisi, İraq kəşfiyyatının iki zabiti və iki Qərb kəşfiyyatçısı, İraqa raket göndərilməsi qərarının 18 ay əvvəl verildiyini deyiblər.
Raketlərin göndəriləsi ilə İranın düşmənlərinə mesaj verdiyini yazan Reuters xəbər verir ki, qısa mənzilli raketlər son bir neçə ay ərzində İraqa çatdırılıb.
700 km mənzilli “Zilzal”, “Fatih 110” və “Zülfikar” raketləri, İraqın qərbinə və ya cənubuna yerləşdiriləcəyi halda Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl Əvivi vurmaq gücünə malikdir.
İranın Qüds Qüvvələrinin İraqın cənubunda və qərbində bazaları var.
Bir İran rəsmisi isə “Raketlərin göndərilməsinin İran hücuma məruz qalacağı halda B planıdır. Raketlərin sayı onlarladır, lakin zərurət yaranacağı halda bu say artırıla da bilər” deyib.