Suriyadakı vətəndaş müharibəsində illərdir silahlı qruplara dəstək verən ABŞ, geri çəkilmək üçün ölkə neftinin idarə edilməsində rol istəyib.
Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik Livanın Hizbullaha yaxın “al-Akhbar” qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik və kəşfiyyat rəsmilərinin də daxil olduğu amerikalı heyət bir müddət əvvəl Dəməşqə səfər edib və Əsədin təhlükəsizlik şefi ilə görüşüb. Məlumata görə amerikalılar Suriya təhlükəsizlik şurasının sədri Əli Mamlukla Dəməşq hava limanı yaxınlığında dörd saat davam edən görüş keçiriblər.
Gizli şəkildə baş tutan görüşdə, ABŞ nümayəndələri Əsəd rejimi qarşısında 3 şərt qoyub. Belə ki, ABŞ rejimdən İranın Suriyanın cənubundan tamamilə çəkilməsini, xarici döyüşçülər, o cümlədən ölkədəki bütün terrorçu qruplar haqqında məlumat və Suriyanın şərqindəki neft ticarətində Amerikaya rol verilməsini istəyib.
Suriyadakı ABŞ qüvvələrinin tam çəkilməsini tələb edən rejim nümayəndəsi isə, təhlükəsizlik məsələlərində Dəməşqin Vaşinqtonla əməkdaşlıq etməyəcəyini deyib.
Əsəd rejimindən yüksək səviyyəli rəsmilərdən biri gizli danışıqları təsdiqləyib. Amerikanın kəşfiyyat nümayəndəsi də bu haqda məlumatları təkzib etməyib. Onalar danışıqların davam edəcəyini açıqlayıblar.