Rəşad Ergün: “Belə görüşün bağlı qapılar arxasında keçirilməsi…”
Tramp FİFA-nın rəhbəri Canni İnfantino ilə görüşüb. Görüş avqustun 28-də baş tutub. Görüş bağlı qapılar arxasında - tam qapalı şəraitdə keçirilib. ABŞ Prezidenti ilə FİFA rəhbərinin hansı məsələləri müzakirə etdiyi barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, iyun ayında ABŞ Meksika və Kanada ilə birgə Dünya Çempionatı-2026-nı keçirmək hüququna sahib çıxıb. Belə olan təqdirdə, Tramp səviyyəsində olan şəxsin FİFA ilə görüşmək təşəbbüsü maraqlı görünür. Bağlı qapılar arxasında keçirilən bu görüşdə müzakirə olunan detallar nədən ibarət ola bilər?
Futbolyönümlü “Komanda.az” saytının baş redaktoru Rəşad Ergün qəzetimizə açıqlamasında bildirdi ki, bu görüşün mahiyyətinə varmaq üçün bir qədər əvvələ ekskurs etmək lazımdır: “Etiraf etməliyik ki, bu gün ABŞ-ın dünya siyasətinə nə dərəcədə təsiri varsa, dünya futboluna olan təsiri də həmin qədərdir. Hesab edirəm ki, bu görüşdə bir sıra məsələlər müzakirə oluna bilər. Ancaq belə görüşün bağlı qapılar arxasında keçirilməsi də təsadüf deyil. Başlıca amil Rusiya faktoru ilə bağlıdır. Bilirsiniz ki, sonuncu Dünya Çempionatı məhz Rusiyada keçirildi. Rəsmi Moskvaya həmin vaxt güclü təzyiqlər vardı. FİFA-da baş qaldıran korrupsiya qalmaqalı fonunda Blasterin istefası da bu məsələyə bağlıdır və birbaşa ABŞ-ın təzyiqi ilə oldu. Həmçinin, Mişel Platinin istefasında da ABŞ təzyiqi açıq-aydın görünürdü. Keçirilən görüşün başlıca müzakirə mövzularından biri də 2026-cı ildə keçiriləcək Dünya Çempionatı ilə bağlıdır. Çünki həmin çempionat üç ölkədə - ABŞ, Meksika və Kanadada baş tutacaq. Hesab edirəm ki, görüşün bağlı keçirilməsi daha çox Rusiyanın futboldakı mövcud mövqeyilə bağlıdır. Evsahibliyi ilə bağlı aparılan müzakirələrdə Trampın bu dərəcədə qapalılığa önəm verməsi məntiqi görünə bilməzdi. Hazırda futbol dünyasında böyük korrupsiya qalmaqalları yaşanır. Hətta bu günlərdə Braziliyada böyük ranqlı bir məmur da bu ittihamla həbs olundu. Bu rakursdan da müəyyən fikir mübadiləsi aparıla bilər”.
Məhəmmədəli QƏRİBLİ