Britaniyanın Suriyadakı “Zeytun” özəl hərbi təşkilatında xüsusi qrup döyüşçülərə guya İdlibdə hazırlanan kimyəvi hücumda zərərçəkənlərin xilasını imitasiya edən təlim keçilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, bir neçə müstəqil mənbənin də təsdiqlədiyi kimi, “Həyat Təhrir Əş-Şam” terrorçu qruplaşması İdlibin dinc sakinlərinə qarşı növbəti dəfə kimyəvi silah provokasiyasına hazırlaşır.
Konaşenkov deyib ki, Britaniya xüsusi xidmətinin hazırladığı bu provokasiya ABŞ-Fransa-Britaniya üçlüyünün Suriyanın dövlət və iqtisadi obyektlərinə raket zərbələri endirməsinə zəmin hazırlanması məqsədinə xidmət ermək üçün planlanıb.
Bu arada yayılan xəbərə görə, kimyəvi silah provokasiyasının ardından Suriya ərazisini atəşə tutmaq məqsədilə ABŞ-ın «The Sullivans» esminesi artıq Fars körfəzinə yan alıb. Sözügedən esminesin göyərtəsində 56 qanadlı raketin olduğunu deyən Konaşenkov, eyni zamanda, Qətərin «Əl-Ueyd» aviabazasına ABŞ-ın 24 qanadlı raketlə təchiz olunmuş «hava-səth» strateji bombardmançısının gətirildiyini bildirib.
Görünən o ki, Suriyanın yenidən qan çanağına dönməsi an məsələsidir.