Çinin ümumi həcmi 16 milyard dollar olan ABŞ məhsullarının idxalına tətbiq etdiyi 25 faizlik əlavə gömrük vergisi bu gündən qüvvəyə minib. Baki-xeber.com xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi açıqlama yayıb
Nazirlik ABŞ-ın 16 milyardlıq Çin məhsullarına 25 faizlik əlavə gömrük vergisi həmləsinə cavab olaraq, Pekinin bir müddət əvvəl açıqladığı 16 milyardlıq ABŞ məhsullarına 25 faizlik əlavə vergisi qərarının qüvvəyə mindiyini açıqlayıb.
Vaşinqton administrasiyasının Çin mallarına əlavə vergi tətbiqinə qarşı çıxdıqlarını bildirən nazirlik, ABŞ-ın bu addımlarına qarşı Çinin əks addımlar atmasından başqa bir yolun qalmadığını açıqlayıb.
Xatırladaq ki, bu qərarını avqustun 8-də açıqlamışdı və 23 avqustda qüvvəyə minəcəyini bildirmişdi.
Bu arada, Rusiyanın ardından Türkiyə də ABŞ dövlət istiqrazlarından yaxa qurtarmağa çalışır. Ankara bu qiymətli kağızları təqribən 4 milyard dollara çevirib. İndi bütün diqqətlər Çinə yönəlib.
Ağ Evin iqtisadi müharibəsinin verdiyi zərər yüz milyard dollara yaxındır. Lakin Pekinin də əlində güclü silah var – 1,2 trilyon dollarlıq ABŞ dövlət istiqrazları. Çin bu dövlət istiqrazlarını satmağa başlasa, Ağ Ev büdcədə balans yaratmaq üçün borc pul tapa bilməyəcək.