Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib. Bu barədə Trend Əfqanıstanın "Tolo news" telekanalına istinadən məlumat verir.
Hücum yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:30) qeydə alınıb. Raketlər Prezident iqamətgahı və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.
Təfərrüatlar və xəsarət alanlar barədə hələ məlumat verilmir.
Kabulda Prezident iqamətgahına raket zərbəsi endirən bütün qiyamçılar zərərsizləşdirilib. Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş bildirib ki, ilkin ehtimala əsasən hücumu 3 döyüşçü həyata keçirib. Onlar raketləri yük maşınından buraxıblar.
Atışma zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının yaralandığı bildirilir.
Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib.