Çində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 30 əməkdaşı edam edilib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət jurnalı “Foreign Policy” məlumat yayıb.
Jurnal bununla bağlı yazıda, bəziləri keçmiş, bəziləri də hazırda vəzifə başında olan 5 MKİ əməkdaşının açıqlamalarına istinad edib. Qeyd edilir ki, MKİ-nin 2010-cu ilə qədər Çində çalışan agent şəbəkəsi çökdürülüb.
Mənbələr, keçən il “New York Times” qəzetinin, 2010-2012-ci illər arasında Çində ifşa edilən MKİ-yə çalışan 12 nəfərin edam edilməsi xəbərində real rəqəmin gizlədildiyini deyiblər. Mənbələrin iddiasına görə, sözügedən illərdə əslində 30 MKİ əməkdaşı öldürülüb.
Qaynaqlar, MKİ-nin Çində xüsusi rabitə sistemindən istifadə etdiyini, bu dövrdə MKİ əməkdaşlarının özlərini toxunulmaz, yenilməz hiss etdiklərini və Çinin bu sistemə sıza bilmə ehtimalına laqeyd yanaşdığını deyib.
2010-ci ilin sonlarında sistemin pozulmağa başlamasından sonra Federal Təhqiqat Bürosu (FBI) tərəfindən araşdırma başladıldığını bildirən mənbələr qeyd edir ki, bunun əsas səbəbi isə Mərkəzi Kəşfiyyat İdarəsinin içinə sızmış, Çinə məlumat daşıyan bir casus olub.
Sözügedən casusun isə, MKİ-nin keçmiş əməkdaşı Cerri Çun Şin Li olduğu iddia edilir. Hesab olunur ki, agentura şəbəkəsini çinlilərə məhz o satıb. Cerri Çun Şin Li saxlanıb, 2018-ci ilin yanvarında isə ona qarşı rəsmi ittiham irəli sürülüb. ABŞ istintaqçılarına görə, Çin hökuməti Liyə yüz minlərlə dollar ödəyib.
Mənbələr, MKİ-nin son vaxtlar Çində qalan əməkdaşlarının bu ölkədən qaçması üçün külli miqdarda pul xərclədiyini iddia edib.