Rəsmi Moskva Amerika Birləşmiş Ştatlarındakı Rusiya diplomatik mülkləri məsələsində beynəlxalq hüququn pozulması ilə bağlı ABŞ-a nota göndərib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir: “Rusiyanın ABŞ-dakı diplomatik mülklərinə qarşı beynəlxalq hüququ israrlı şəkildə pozan Amerika Birləşmiş Ştatlarını qınayırıq… Rusiya-ABŞ münasibətlərini aşan və bütün beynəlxalq ictimaiyyətin maraqlarına təsir edən bu pozuntulara Birləşmiş Millətlər Təşkilatının da diqqəti çəkilib".
Xatırladaq ki, ABŞ rəhbərliyi Rusiyaya qarşı sanksiyalar çərçivəsində 2017-ci ilin sentyabrında Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunu, Nyu-York və Vaşinqtondakı ticarət nümayəndəliklərini bağlayıb. Rusiya hökuməti sözügedən addımı “düşməncə hərəkət” adlandırmış və həmin mülklərin Rusiyaya geri qaytarılması tələb edilmişdi.