Qətər Türkiyəyə 15 milyard dollar birbaşa sərmayə yatıracaq. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Qətərin əmri Şeyx Tamim bin Həməd Əl-Sani prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Ankarada Ərdoğan Qətər əmirini mərasimlə qarşılayıb, sonra Prezident Kompleksində qonağın şərəfinə ziyafət verilib. Ziyafətdə ölkənin Xəzinə və Maliyyə naziri Berat Albayrak və Qətərin Maliyyə naziri Əli Şərif əl-Əmadi də iştirak edib. Ərdoğan və əl-Saninin görüşü isə mətbuata qapalı keçirilib və təxminən 3 saat yarım sürüb.
Ərdoğan və Qətər əmiri Türkiyə və Qətər arasında hərtərəfli münasibətləri daha da inkişaf etdirmək məsələsində razılığa gəliblər.
Görüşdə Qətər əmiri Əl-Sani, ölkəsinin Türkiyəyə 15 milyard dollarlıq birbaşa investisiya yatıracağını bildirib.
Əmirin 15 milyard dollarlıq birbaşa investisiya bəyanatından sonra dollar/TL məzənnəsi 5.98 səviyyəsinə düşüb.
Onu da qeyd edək ki, ABŞ-ın iqtisadi təzyiqlərindən sonra Türkiyədə lirə sürətlə ucuzlaşmağa başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqa dollar və avrolarını lirəyə dəyişdirmək çağırışı edib. Bundan sonra dollara qarşı milli səfərbərlik başlayıb.