Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının valyutasından bütün ölkələrə hücum etmək üçün istifadəsinin dollardan imtinaların başlamasına təkan verdiyini deyib.
Baki-xeber.com xəbər verir ki, Çavuşoğlu bu barədə Ankaraya səfər edən rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
ABŞ-ın və Avropa İttifaqının iqtisadi sanksiyaları məsələsinə toxunan Çavuşoğlu ABŞ-ın və ya başqa bir ölkənin birtərəfli sanksiyalarının əleyhinə olduqlarını deyib. Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının sanksiyalarını isə qəbul edərək tətbiq etdiklərini qeyd edib.
Türkiyə XİN başçısı Avropa İttifaqının Rusiya sanksiyalarına qarşı olduqlarını da deyib: “ABŞ-ın İrana qarşı sanksiyalardan Avropa İttifaqı da, Asiya-Sakit Okean ölkələri də narahatdır".
ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarlarından Aİ-nin narahat olduğunu qeyd edən Çavuşoğlu: “ABŞ valyutasından bütün ölkələrə hücum etmək üçün istifadə etməyə başladı. Dollardan qaçma tendensiyasını indidən görməyə başlamışıq. İqtisadiyyatı güclü Türkiyə bütün qonşular üçün əhəmiyyətli bir ölkədir” deyib.
Lavrov isə bildirib ki, Rusiya və Türkiyə xarici siyasət sahəsində strateji tərəfdaşlığı genişləndirməyə dair razılığa gəlib. "Biz ölkələrimizin xarici siyasət sahəsində strateji tərəfdaşlığın genişləndirilməsinə dair razılığa gəldik. Hesab edirəm ki, biz qarşılıqlı əlaqələrin konkret aspektlərini müzakirə edəcəyik", — deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı da daxil olmaqla, ABŞ-ın tətbiq etdiyi sanksiyalar dünya ticarətində bütün prinsipləri pozur: "Sanksiyalar barədə mən daha əvvəl də demişdim: Onlar qanunsuzdur, onlar beynəlxalq ticarətin bütün prinsiplərini pozur".