ABŞ prezidenti Donald Tramp Nyu-York əyalətindəki Fort Drum bazasında keçirilən geniş mərasimlə 2019-cu maliyyə il üçün ABŞ-ın müdafiə büdcəsini təsdiqləyib.
Baki-xeber.com xəbər verir ki, mərasimdə çıxış edən Tramp, ABŞ ordusunun gücünü artırdığını bildirib.
"Biz nüvə silahlarımıza da bu büdcə ilə ciddi bir sərmayə qoyuruq", - Tramp deyib.
ABŞ prezidentinin imzaladığı layihədə ən diqqətçəkən məqam isə Türkiyəyə satmalı olan F-35 qırıcılarının təslimatının müvəqqəti dayandırılmasıdır. Belə ki, müdafiə büdcəsi layihəsinə F-35 beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib. Büdcə layihəsinə görə, Pentaqon ən geci 90 gün ərzində Türkiyə-ABŞ əlaqələri barədə hesabat hazırlamalıdır. Sözügedən hesabat Konqresə təqdim edilənə qədər F-35 qırıcılarının Türkiyəyə çatdırılması müvəqqəti dondurulur.
Müdafiə büdcəsi qanununun Senatdakı layihəsində, Pentaqondan Türkiyənin F-35 proqramından çıxarılması ilə bağlı hesabat hazırlaması tələb edilirdi. Ancaq bu hissə sonradan layihədən çıxarılıb.
Qeyd edək ki, Türkiyə, 2002-ci ildə qatıldığı ABŞ liderliyindəki müştərək proqram çərçivəsində beşinci nəsil F-35 Lightining II təyyarələrdən ən az 100 ədəd almağı hədəfləyir.
Türkiyəyə F-35-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir. Digər tərəfdən ABŞ F-35 layihəsinin detallarının rusların əlinə keçməsi ehtimalı olduğunu düşünür.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, ABŞ “F-35” tipli yeni nəsil qırıcı təyyarələrinin Türkiyəyə çatdırılmasından imtina edəcəyi halda, Ankara beynəlxalq arbitraja müraciət edəcək.