Ermənistan Baş prokurorluğu bir qrup Ermənistan millət vəkillərinin eks-prezident Robert Köçəryanın həbs qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməyib. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, prokurorluq iyulun 27-də həbs olunmuş Robert Köçəryanı həbsdə saxlayıb.
"İbtidai istintaqın hazırkı mərhələsində Baş Prokurorluq Robert Köçəryan barəsində həbs qətimkan tədbirinin dəyişməsini məqsədəuyğun bilmir, çünki digər qətimkan tədbiri şəraitində maneəsiz araşdırma təmin etmək mümkün deyil", - prokurorluğun bəyanatında deyilir.
Köçəryan barəsində həbs tədbirini dəyişmək haqqında Baş Prokurorluğa zəmanəti Ermənistan Milli Məclisinin 46 üzvü, o cümlədən, parlament sədri və onun üç müavinlərindən ikisi imzalayıb. Onların 42-si Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçılar Partiyasının, üçü Daşnaksutyun və bir nəfəri "Tsarukyan" parlament fraksiyalarının təmsilçiləridir.
Robert Köçəryan barəsində həbs qətimkan tədbirinin dəyişməsinə dair onun vəkilləri tərəfindən Apellyasiya Məhkəməsinə təqdim edilən vəsatətə avqustun 9-da baxılacaq.
Köçəryan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunur.
Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.