Çin Bəşər Əsəd rejiminə dəstək üçün Suriyaya ordu göndərə bilər. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Pekinin Dəməşqdəki səfiri Qi Qianjin Suriya mərkəzli “Al-Watan” qəzetinə açıqlama verib.
Səfir Çin rəhbərliyinin, İdlibə hücuma hazırlaşan Əsəd rejiminə dəstək məqsədilə Suriyaya ordu göndərə biləcəyini deyib.
"Çin ordusu rejimin İdlib və ya başqa bölgələrdəki hücumlarına dəstək olmaq niyyətindədir" - səfir bildirib.
Çin hərbi attaşesi Vonq Roy Çanq da eyni qəzetə açıqlamasında Əsəd rejimi ordusu ilə Çin ordusu arasında hazırda əməkdaşlığın olduğunu və Çinin bu əlaqələri inkişaf etdirmək istədiyini söyləyib.
Çin bu günə qədər, Əsəd rejiminə siyasi dəstək verib və ölkənin yenidən inşasına dəstək ola biləcəyini ifadə edib, ancaq hərbi dəstək mövzusunda heç vaxt açıq bir mövqe ortaya qoymayıb.
Çinin ilk mərhələdə Əsəd rejiminə dəstək məqsədilə məhdud sayda xüsusi təyinatlı və hərbi məsləhətçini Suriyaya göndərə biləcəyi qeyd edilir.