Rusiyada fəaliyyət göstərən “Təhqiqatın idarə edilməsi mərkəzi”nin təsisçisi Mixail Xodorkovski Mərkəzi Afrika Respublikasında film çəkilişi zamanı öldürülən jurnalistlərlə bağlı bütün həqiqətlərin ortaya çıxarılmasına və günahkarların layiqli cəzasına çatmasına çalışacağını açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, özünün facebook hesabında yazıb. Xodorkovski bildirib ki, rəsmi olmasa da, kifayət qədər dəqiq mənbələr çəkiliş qrupunun üç üzvünün öldürüldüyünü təsdiqləyib. Onun sözlərinə görə, həmin qrup başçılıq etdiyi mərkəzin layihəsi olan “Rus muzdluları”nın araşdırılması üzərində işləyirdi.
Xodorkovskinin mətbuat katibi Maksim Dbar isə mətbuata açıqlamasında deyib ki, hələlik ilkin olaraq hansı addımı atacaqlarını – özlərinin təhqiqat aparacaqlarını, ya ölkə rəhbərliyinə müraciət edəcəklərini dəqiqləşdirməyiblər, lakin günahkarların tapılması üçün nə gərəkirsə edəcəklərini bildirib.
Xatırladaq ki, CAR-da özəl hərbi qurumlar haqqında film çəkən jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko qətlə yetirilib. Orxan Camalın həyat yoldaşı İrina Qordienko “İnterfaks”a bildirib ki, göstərilən fotolarda ərinin meyiti olduğunu təsdiqləyib.
Qeyd edək ki, Orxan Camal Rusiya İslam Komitəsinin sədri Heydər Camalın oğludur.