ABŞ və Aİ ticarətdə baryerlərin aşılması və birgə əməkdaşlıqla bağlı razılıq əldə edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə prezident Donald Tramp Avrokomissiyanın rəhbəri Jan Klod Yunkerlə görüşünün ardından verdiyi açıqlamada bildirib. Qeyd edib ki, hər iki tərəf ticari rüsumların və avtosənaye malları istisna olmaqla digər əmtəənin üzərinə qoyulan tarifdənkənar baryerlərin ləğvinə çalışacaq.
Eyni zamanda o deyib ki, xidmət sektoru və kənd təsərrüfatı sahəsində ticari əlaqələrin genişləndirilməsi və Amerika soyasının Avropaya eksportunun artırılması üzrə də razılıq əldə olunub.
Tramp Ağ Evdə verdiyi açıqlamada ABŞ və Avropa arasında əldə olunan bu razılaşmanı “yeni mərhələnin başlanğıcı” kimi dəyərləndirib və Avropanı ABŞ-dan sıxılmış qaz alacaq “nəhəng alıcı” adlandırıb.
Öz növbəsində Jan Klod Yunker də görüşdən razı qaldığını bildirərək, əsas məqsədin tariflər üzrə razılaşma olduğunu və bu məqsədə çatıldığını bildirib.